Sovet Azərbaycanında millətçilik KGB-nin hədəfində

28 aprel 2026
Sovet Azərbaycanında millətçilik KGB-nin hədəfində

Birinci yazı

Stalinin ölümündən düz bir il sonra Sovet İttifaqında başlanan millətçilik meyillərinin qarşısını almaq üçün Sov.İKP MK 1954-cü ilin mart ayının 12-də qəbul etdiyi qərarla SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə tapşırmışdı ki, millətçi birliklərə və gizli antisovet qruplara qarşı mübarizəni gücləndirsin. Qərarda burjua millətçi düşmən fəaliyyətlərin, sağ və sol təmayüllü siyasi partiyaların üzvü olmuş şəxslərin, zərərli fəaliyyətlə məşğul olanların, habelə antisovet məzmunlu anonim məktub müəlliflərini tezliklə aşkar etmək və zərərsizləşdirmək dövlət təhlükəsizliyi orqanlarına tövsiyə edilirdi.

1955-ci ilin iyun ayının 25-də prokurorluq və istintaq işçilərinin ümumittifaq müşavirəsində çıxış edən Nikita Xruşşov hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının qarşısında böyük vəzifələrin dayandığını xatırladırdı. O, deyirdi: “Sinfi mübarizə olub və olacaq. Düşmənlər bizim içərimizə öz agentlərini yeridiblər və yeridəcəklər. Ona görə indi ehtiyatlı olmaq lazımdır ki, biz xeyirxah insani hisslərə əsaslanan liberal münasibətimizlə öz sayıqlığımızı azaltmayaq və düşmənlərimizin bizə qarşı işini yüngülləşdirməyək. Bunu biz yaxşı bilməliyik və yadda saxlamalıyıq ki, vaxtı itirsək çoxlu zərbələr alacağıq”.

50-ci illərin ortalarında KGB orqanları Azərbaycanda milli oyanışa təsir göstərə biləcək hər hansı daxili və xarici təsirlərə qarşı əlində olan bütün mümkün vasitələrlə mübarizə aparırdı. 1955-ci ilin martında Azərbaycan KGB-nin sədri Anatoli Quskov tərəfindən imzalanmış və Moskvaya göndərilmiş “Bakı şəhəri əhalisinin müəyyən hissəsinin əhvali-ruhiyyəsi haqqında” arayışda respublikada gedən proseslərə geniş diqqət yetirilmişdi.

O, yazırdı ki, son zamanlar əhalinin ərzaq təminatında yaranmış çətinliklərlə bağlı ayrı-ayrı fəhlələr, mühəndis-texniki heyət arasında xoşagəlməz söhbətlər haqqında DTK orqanlarına agentura məlumatları daxil olmuşdur. Həmin məlumatlarda zavod və müəssisələrdə başlanmış ixtisarlardan, ərzaq təminatında ciddi çətinliklər yaranmasından, dükanlarda gecələr işsiz qalmış adamlar tərəfindən törədilən oğurluq hadisələrindən söhbət açılırdı. Məsələn, “Buzovna neft”in dəmirçisi Mitroxin demişdi ki, “ruslar bilmirlər nə etsinlər. Müəssisələrdə ancaq rusları, uzun müddət ərzində təcrübə qazanmış peşəkar işçiləri ixtisar edib yalnız azərbaycanlıları saxlayırlar, halbuki onları büsbütün tənbəllik basdığını yaxşı bilirlər”. Onun həmsöhbəti dülgər Volkov isə cavab vermişdi ki, “indi burada, Azərbaycanda milli siyasət yeridirlər. Onların azərbaycanlıları işsiz oturmayacaqlar”.

Moskvaya göndərilən hesabatda Quskov Şamaxı rayon sakini Cavad Qurban oğlu Cavadovun antisovet fəaliyyətinə də geniş yer verirdi. Məlumata görə Cavad Cavadov yaydığı antisovet vərəqələrdə əhalini sovet dövlətini devirməyə, kolxoz quruluşunu ləğv etməyə, Zaqafqaziyanı Sovet İttifaqından ayırmağa çağırırmış. Hesabatda Cavadovun yayılan antisovet vərəqələrin müəllifi olduğunun təsdiq edildiyi və onun 1955-ci ilin fevralında həbs edildiyi bildirilirdi. Anatoli Quskovun məlumatında “Vətən” kinoteatrında Aydın Mirzəzadə adlı musiqiçinin ətrafında toplanmış qrupda Amerika həyat tərzinin təbliğ edildiyi göstərilirdi. “Aleksandrov” adlı agentin müşahidələri Aydın Mirzəzadənin antisovet fəaliyyətlə məşğul olduğunu təsdiq etmişdi.

Anatoli Quskov 1955-ci ilin iyul ayının 28-də İmam Mustafayevə göndərdiyi məktubda Bakı şəhərində anonim müəllif tərəfindən Azərbaycan dilində yazılmış və Vladimir Leninə ünvanlanmış antisovet məzmunlu “Unudulmaz məktub” adlı şeir haqqında məlumat verirdi. Həmin şeirin bir bəndində deyilirdi:

“Möhtərəm Lenindən qalmış yadigar

Fəhlə və kəndli partiyamız var.

Partiya dərs verir, oxudur bizi

Həyatda görmürük oxuduğumuzu.

Belənçik azadlıq istəmirik biz

İtdən də pis keçir bizim günümüz”.

KGB-nin araşdırmaları nəticəsində məlum olmuşdu ki, “Unudulmaz məktub”u Bakı şəhər sakini, 1926-cı ildə doğulmuş Əliyev Fazil Baba oğlu yazıb. Anatoli Quskov məlumat verirdi ki, Fazil Əliyevin fəaliyyəti agentura nəzarətinə götürülmüşdür.

KGB-nin belə məlumatları ilə tanış olduqca İmam Mustafayev bu məzmunda olan məlumatların Moskvaya göndərilməsindən narahat olmağa başlamışdı. O, başa düşürdü ki, respublikada millətçiliyin baş qaldırması ilə bağlı DTK-nın məlumatları izsiz ötüşməyəcəkdir. Bütün bunlar Anatoli Quskova münasibətdə Mustafayevdə şübhələr yaratmışdı. Və elə həmin vaxt Mustafayev belə qərara gəlmişdi ki, Quskovu Azərbaycandan çıxarsın.

1956-cı ildə XX qurultayda Stalinin şəxsiyyətə pərəstişinin tənqidi Gürcüstanda kəskin etirazlara səbəb olmuşdu. Mir Cəfər Bağırovun məhkəməsi ərəfəsində Azərbaycanda da narahatçılıq hiss ediliirdi. KGB-nin topladığı gizli məlumatlar Gürcüstanda baş vermiş 1956-cı ilin mart hadisələrinin Azərbaycana mənfi təsir göstərdiyini təsdiq edirdi. Bakı şəhəri Cəfər Cabbarlı küçəsində KGB orqanları tərəfindən aşkarlanmış antisovet vərəqələrdə əhaliyə müraciətlər ünvanlanmışdı. Orada göstərilirdi ki, bizim vəzifəmiz Mir Cəfər Bağırovu azad etməkdir.

Müraciətin ikinci bəndində azərbaycanlıların gürcülərlə sıx birləşməsinə, rus və ermənilərin Azərbaycandan qovulmasına, üçüncü bənddə rus əlifbasından imtina edilməsi və köhnə müsəlman əlifbasının bərpasına çağırışlar var idi. Müraciətdə yazılırdı: “Müsəlmanlar, 36 ildir biz rusların və ermənilərin zülmü altındayıq. Onlar bizi soyurlar, bütün var-yoxumuzu əlimizdən alırlar. Əgər Bakı nefti Rusiyaya daşınmasa biz milyonçu olarıq. Sarılar (ruslar) bizim neftimizi, yun, pambıq, çay, düyü, yağ, süd, yumurta – nəyimiz varsa əlimizdən alırlar. Ruslardan xilas olun. Qorxmayın, yaşasın Türkiyə, yaşasın Türkiyənin əsgər və zabitləri!”

Sumqayıt şəhərində yayılmış vərəqələrdə isə daha sərt antisovet çağırışlar yazılmışdı. Orada göstərilirdi: “Qafqaz müsəlmanlarına bildiririk ki, bu gündən başlayaraq biz Qafqazın bütün ərazilərindən sarıları (rusları) qovmalıyıq, onlara əlavə olaraq erməniləri də Ermənistana qovmalıyıq. Ey müsəlmanlar, ey azərbaycanlılar, bizdən başqa hər millət öz ehtiyaclarının qayğısına qalır. Gürcülər rusları döyür və qovurlar. Onlar Qafqaza gəlib bizim çörəyimizi əlimizdən alırlar. Gürcülərlə biz gərək möhkəm şəkildə sıx birləşək və rusları öz aramızdan həmişəlik qovaq. Gəlin Mir Cəfər Bağırovu sarıların əlindən qurtaraq. Gürcüstan və Ermənistanın öz əlifbası var, bizdə isə rus əlifbasıdır. Gəlin öz köhnə əlifbamızı tələb edək. Gəlin qorxmayaq, belə ki, Gürcüstan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Hindistan vardır”. Hər iki vərəqənin rus dilinə tərcüməsini Azərbaycan KGB 4-cü şöbəsinin əməkdaşı kapitan Markarov təsdiq etmişdi.

Bununla bağlı Anatoli Quskov Azərbaycan KP MK-ya yazırdı: “1956-cı ilin may ayının 18-də səhər Sumqayıt şəhəri Puşkin küçəsində elektrik dirəyinə yapışdırılmış antisovet millətçi məzmunlu vərəqə aşkar edilib. Eyni məzmunlu vərəqə həmin gün Bakıda Lenin küçəsində də aşkarlanıb. Eyni gün Azərbaycan KP MK-ya da antisovet millətçi məzmunlu vərəqələr daxil olmuşdu. Həmin vərəqələrin müəllifi antisovet millətçi çağırışlar edir, xalq düşməni Bağırovun həbsdən azad edilməsini tələb edir, rusları və erməniləri Azərbaycanın hüdudlarından qovmağa çağırır və zərurət olarsa, Türkiyə və digər kapitalist ölkələrinə arxalanmağı vacib sayır”. KGB-nin ekspertizası zamanı müəyyən olunmuşdu ki, vərəqlərin hər üçü 1939-cu ildə Saatlı rayonunun Saatlı kəndində doğulmuş, Sumqayıtda dülgər şagirdi işləyən Rzayev Kamil Xəlil oğlu tərəfindən yazılmışdır. Kamil Rzayevin bütün ailə üzvləri haqqında Təhlükəsizlik Komitəsi tərəfindən məlumat toplanmış, o, həbs olunmuş və altı il azadlıqdan məhrum edilmişdi.

Anatoli Quskov Azərbaycan KP MK-ya yazdığı digər bir məktubda 1956-cı ilin fevral ayında Sov.İKP MK-ya, SSRİ Nazirlər Sovetinə, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə antisovet məzmunlu məktublar yazmış və Bakı şəhərindən yola salmış Yardımlı rayonunun Abasabad kənd sakini Həsənov Hüseynağa Nüsrət oğlunun həbs olunduğunu bildirirdi. Anonim məktubların məzmununun antisovet xarakterdə olduğunu nəzərə alaraq Hüseynağa Həsənovu beş il müddətinə azadlıqdan məhrum etmişdilər.

KGB-nin hazırladığı arayışdan məlum olur ki, Bərdə şəhərindəki orta məktəbin müəllimi Rəhimli Rəsul Hacı Kərim oğlu müxtəlif dövlət orqanlarına antisovet millətçi məzmunlu, rusların əleyhinə yönəlmiş, ölkədəki vəziyyətdən kəskin narazılıq ifadə edən anonim məktublar yazmışdır. Rəsul Rəhimlinin 1893-cü ildə İsmayıllı rayonunun Lahıc kəndində doğulduğu, keçmişdə Müsavat Partiyası ilə bağlı olduğu və yeddi il müddətinə azadlıqdan məhrum edildiyi bildirilirdi.

Eyni ilə Azərbaycan Dövlət Universitetinin tələbəsi Tatlıyev Sabir Əli oğlunun müxtəlif ünvanlara göndərdiyi Sov.İKP-nin və sovet dövlətinin milli siyasətindən narazılıq ifadə edən anonim məktubları, Mir Cəfər Bağırovun azad edilməsini zəruri sayan yazılar dövlət təhlükəsizliyi orqanlarının diqqətindən yayınmamışdı. 1938-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində doğulmuş Sabir Tatlıyev 1956-cı ildə iki il azadlıqdan məhrum edilmişdi.

Göyçay konyak zavodunun direktoru, ali təhsilli aqronom Yusubov Məzahir Kərim oğlu 1955–1956-cı illərdə rəhbər partiya və Sovet orqanlarına antisovet-millətçi məzmuna malik çoxlu anonim məktublar göndərmişdi. O, öz müraciətlərində sovet quruluşunu, ölkədəki vəziyyəti, kommunist partiyasının və sovet dövlətinin rəhbərlərini kəskin tənqid edir, sovet orqanları tərəfindən həbs olunmuş Mir Cəfər Bağırovun müdafiəsinə qalxırdı. Məzahir Yusubov yazırdı ki, əgər Bağırov edam edilsə, üç milyonluq Azərbaycan xalqı və milyon yarımlıq İran demokratları üsyan qaldıracaq, Azərbaycanın İrana birləşməsini tələb edəcəklər. Məzahir Yusubov KGB tərəfindən həbsə alındı və yeddi il azadlıqdan məhrum edildi.

Sabir (Tatlıyev) Azəri “Tələbə məhbusun etirafları” kitabında həbsini belə xatırlayırdı” “1956-ci ilin sentyabrın əvvəli idi. Dərslər təzə başlamışdı ki, birdən qapı qəfil açıldı və kimsə müəllimi eşiyə çağırıb qulağına nəisə pıçıldadı. O, da təəccüblə mənə nəzər salıb dedi ki, səni çağırırlar. Tanımadığım adam idi. Məni universitetin “Xüsusi şöbə”si adlanan hissəsinə apardı. Otaqda “Xüsusi şöbə”nin rəisindən savayı daha iki nəfər vardı. Onlar mülki geyimdə idilər. Biri gülümsəyərək dedi: “hərbi qeydiyyata götürülməlisən”. Mən çaş-baş qalmışdım. Bilirdim ki, bizim kimi tələbələri əsgər aparmırdılar. Ona görə ki, universitetdə hərbi kafedra fəaliyyət göstərirdi. Gələn şəxslərdən biri dedi ki, hərbi komissarlıqdan gəlmişik. Bizimlə getməlisən.

-Qoyun, kitab-dəftərimi, şapkamı götürüm. dedim.

-Neynirsən, indicə qayıdacaqsan.-dedilər.

Universitetin qarşısında, keçmiş Kommunist küçəsində bizi “Pobeda” markalı maşın gözləyirmiş. Şəhərin mərkəzində, indiki Neftiçilər prospektində nəhəng, bozumtul binanın qarşısında dayananda gözüm iri lövhədəki Dövlət Təhlükəsizlik Komitəsi sözlərinə sataşdı və sanki içərimdə nə isə qırıldı, çilik-çilik oldu. İkinci lövhədə KQB üç hərflə həkk olunmuşdu. Özümü zorla ələ aldım”.

Göyçay konyak zavodunun direktoru, ali təhsilli aqronom Yusubov Məzahir Kərim oğlu 1955–1956-cı illərdə rəhbər partiya və Sovet orqanlarına antisovet-millətçi məzmuna malik çoxlu anonim məktublar göndərmişdi. O, öz müraciətlərində sovet quruluşunu, ölkədəki vəziyyəti, kommunist partiyasının və sovet dövlətinin rəhbərlərini kəskin tənqid edir, sovet orqanları tərəfindən həbs olunmuş Mir Cəfər Bağırovun müdafiəsinə qalxırdı. Məzahir Yusubov yazırdı ki, əgər Bağırov edam edilsə, üç milyonluq Azərbaycan xalqı və milyon yarımlıq İran demokratları üsyan qaldıracaq, Azərbaycanın İrana birləşməsini tələb edəcəklər. Məzahir Yusubov KGB tərəfindən həbsə alındı və yeddi il azadlıqdan məhrum edildi...

Fotolar. 1. Azərbaycan SSR KGB-nin sədri Anatoli Quskov respublika KGB-nin mərkəzi aparatının işçiləri ilə. 2. 1956-cı ildə həbs edilmiş Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin tələbəsi Sabir Tatlıyev (sonralar tanınmış yazıçı və publisist Sabir Azəri)

Cəmil Həsənli, Professor

Ardı var