Aleksey Tolstoy “Oxucu haqqında”

25 aprel 2026
Aleksey Tolstoy “Oxucu haqqında”

Təsəvvür edin ki, siz yazıçısız və tənha bir adaya gəlib çıxmısız, geriyə yol yoxdur. Siz əminsiniz ki, ömrünüzün sonuna qədər bəni-insan görməyəcəksiz. Və sizin dünyada yadigar qoymaq istədiyiniz nəsnə heç vaxt işıq üzü görməyəcək.

Siz roman, dram, şeir yazmağa başlayardınızmı?

Təbii ki, yox.

Sizin təlaşınız, həyəcanınız, fikirləriniz gərgin səssizliyə çevrilərdi. Əgər sizdə Puşkinin temperamenti olsaydı, siz yəqin xıncım-xıncım olardınız. Siz həmsöhbətiniz, dərd ortağınız üçün,- maqnit sahəsinin yaranmasından ötrü lazım olan ikinci qütb üçün təbii ki, darıxardınız. (elə nəsnələr, cərəyanlar var ki, natiq və kütlə, səhnə və tamaşaçı zalı, şair və onun dinləyiciləri arasında meydana çıxır).

Fərz edək ki, adada Cümə və ya danışan tutuquşu peyda olur və şair olan siz tutuquşu üçün adamyeyən dilində adamyeyən mahnısı və ya ekzotik nəsə düzüb-qoşursunuz. Bu da şübhəsizdir. Yazıçı yalnız birqütblü enerji ilə yüklənib. Yaradıcılıq axını üçün ikinci qütbə-oxucu çevrəsinə, xalqa, bəşəriyyətə ehtiyac var.

Öz yazıçı təcrübəmdən bilirəm ki, yazdığım əsərin gərginliyi və keyfiyyəti mənim oxucu haqqında təsəvvürümdən asılıdır.

Mənim təxəyyülümlə, təcrübə və biliyimlə təsəvvür etdiyim oxucu ümumi bir varlıq kimi əsərimin mövzusuyla birgə yaranır.

Nifrət edilən oxucunu təsəvvür etməyin. O, sizə yaxın və sevimli olmalıdır. Qustav Floberi müasirləri məyus edirdilər. Onun məktubları bu hisslərin əzabıyla doludur. O, seçilmiş dostları və gələcək nəsillər üçün yazırdı. Bu da onun əsərlərində nəfisliyin, etinasız əzəmətin və melanxoliyanın izlərini qoydu.

Oxucunun xarakteri və ona münasibət yazıçının yaradıcılığının formasını və xüsusi çəkisini həll edir. Oxucu- incəsənətin tərkib hissəsidir.

Yazıçının təsəvvüründə oxucu konkret və fərdi ola bilər: bu, hazırkı mövsümün oxucularıdır. Belə təbii oxucuyla ortaq yaradıcılıq incəsənətin ən aşağı formasını- aktual naturalizmi ərsəyə gətirir.

Yazıçının təsəvvüründə oxucu mükəmməl, ya abstrakt ola bilər: bu, sinifdir, xalqdır, vaxtın, mübarizənin, milli mənsubiyyətlərin bütün xüsusiyyətləriylə birgə bəşəriyyətdir.

Yazıçının təsəvvüründə yaranmış belə bir xəyalətlə ünsiyyət yüksək səviyyəli sənət doğurur: qəhrəmanlıq faciəsindən romantizm fırtınasına və realizm abidəsinə qədər.

İncəsənətin böyüklüyü belə bir xəyalətin yarandığı bədii ruhun tutumu ilə mütənasibdir.

Sənətin yalnız sənət üçün lazım olduğunu iddia etmək qeyri-təbii yalandır.

Mən xatırlayıram, on il qabaq ədəbi həyatda oxucu hansı yeri tuturdu.

Oxucu - kitabları alan şəxs idi.

Oxucu - bu elə bir bulyon idi ki, içində istənilən ədəbiyyat mikroblarının incəsənətini həll edib qarışdırmaq mümkün idi. Oxucu - insan sürüsü idi, oktyabrdan başlayaraq paytaxtda onu ədəbi mövsümə hazırlayırdılar.

Peterburq mövsümü şən çağlar idi.

Mövsüm ədəbi istiqamətin tək, orijinal bədiiliyi uğrunda mübahisələrlə başlayırdı.

Ehtiraslar alışırdı. Tənqid pis vəziyyətə düşən növbəti yazıçını diri-diri udurdu. Milad bayramına qədər adətən yeni dahi doğulurdu. Onun ətrafında burulğan qalxırdı, davalar olurdu, zibillər, yun parçaları havada uçurdu.

Məşhur tənqidçi şir kimi nərə çəkirdi. Digər tanınmış tənqidçi belletristi asıb-kəsirdi. Bir-birlərini lələk kimi qamçılayırdılar.

Belə bir dəhşətli mühitdə yazıçılar şah əsərlərini yazır, ancaq onlardan imtina edib zibilliyə atırdılar. Hər kəs başqa cür, heç kimin eşitmədiyini yazmaq istəyirdi.

Mətbəədə çap maşınlarının səsindən qulaq tutulurdu. Kitab piştaxtalarında qızğın alver gedirdi. Dəbdə olan romanları oxuyub təsirlənən gənc qızlar özlərini dördüncü mərtəbədən aşağı atırdı. Gənc oğlanlar prinsipial olaraq əyyaşlıq edirdilər. Şərab su kimi içilirdi. Camaat yazıçıları görmək eşqilə restoranlara soxulurdu. Ədəbi mövsüm çarx üstündə fırlanırdı.

Digərləri məşhur olmaq üçün üzlərini kömürlə qaralayır, müqəvva paltarı geyinir və ictimai yerdə kütləni söyürdülər. Bu da ədəbiyyat sayılırdı.

Oxucu şənlənirdi, yazıçını eyninə almırdı. Yazıçı şənlənirdi, oxucunu eyninə almırdı.

Ciddi ədəbiyyat isə Lev Tolstoyun sevimli qaşlarıyla hay-küydən qəzəblə ayrılırdı. Yazıçılar yüzillik divarı aşıb mənasız və xəyali həyatdan Rusiyanın əsl məişətinə keçməyə cəhd göstərirdilər.

Amma burda oxucu böhranı aşkar olundu. O müəmmalı idi... “O” əlbəttə ki, yazıçıların yemək-içməyinə tamaşa etmək üçün restoranlara gedən adam deyildi.

Düşünürəm ki, desəm səhv olmaz, inqilabaqədərki sonuncu yazıçılardan olan Çexov oxucusunu tanıyır, nifrətlə sevir və onu özündə daşıyırdı.

“Bu liberal, sürtuksiz nahar edib öz yataq otağına gedəndə mən arxadan onun asma qayışlarını gördüm, elə belə də aydın idi ki, bu liberal - məhdud dünyagörüşlü, çarəsiz meşşandır”.

İnqilabdan sonra 1905-ci ildə oxucunun üzü aydın olmayan, qeyri-müəyyən, dumanlı oldu. Onu təzədən uydurmaq lazım gəldi.

Beləcə Leonid Andreyev özü üçün oxucu düşünüb tapdı- böyümüş göz bəbəkləri olan, son dərəcə əsəbi, mistik, qaşqabaqlı şəxs. Andreyev onun qulağına qorxularını və ehtiraslarını pıçıldayırdı.

Beləcə İvan Bunin rus oxucusunu iflas etmiş mülkədarlardan olan vasvası, məyus olmuş skeptik kimi təsəvvür edirdi.

Yazıçılar Lev Tolstoyun sərt qaşlarından çox yapışıb qalmadılar. Şəhər getdikcə daha səsli-küylü olurdu, cazibəli dumanlarıyla cəlb edirdi, ilğımın divarlarıyla həyatdan daha çox aralanırdı.

Əllərini yellədilər: onsuz da divarların arxasından heç nə görünmür, Tolstoy Karatayevi yazıb və buna qane olub: orda, divarın arxasında yalnız Karatayevlər var.

Dərhal yüngülləşdilər. Kitabları ki, oxuyan Karatayevlər deyil.

-Arabaçı, de görüm, Meterlinkanı oxumusan?

-Nəyi?

Bunun harası oxucudur! Budur, bir xanım xəbər alır ki, yaşasın, yoxsa özünü zəhərləsin?

Bax, bu oxucudur! Sualı da kəskin qoyub.

“Həyatı israf edin, əziz xanım, onsuz da o boş və mənasızdır”.

Respublikanın onuncu ilidir. Gənc yazıçılar, tənqidçilər, nəşriyyatlar, jurnallar, ədəbiyyat məktəbləri... Amma yenə də məhsul tələbata cavab vermir. Bazar yeni roman tələb edir, teatr yeni pyes. Onlar azdır, çox azdır. Buna baxmayaraq, mübahisələr ara vermir: ədəbiyyat hansı təşkilatın əlində olmalıdır? Və sair, sair... Mübahisələr, qalmaqallar, gurultulu məqalələr...

Oxucu isə bu döyüşən qruplara sakitcə baxır və səbrlə soruşur: “Bəs kitabı nə vaxt yazacaqsınız? Axı oxumağa heç nə yoxdur”.

Mən hələ heç kimdən yeni oxucu haqqında bir söz, fikir eşitməmişəm.

Oxucu isə son həddə durub gənc, maraq dolu, güləş gözlərlə baxır.

Bu yeni oxucu yeni ədəbiyyatda, hər bir yazıçının qəlbinin gizli guşəsində xəyalət kimi peyda olub deyir:

“Sən mənə incəsənətin sehrli qövsünü atmaq istəyirsən. Tanı, sev məni. Yaz: düz, aydın, sadə və əzəmətlə. İncəsənət- bu mənim sevincimdir.”

1923-1924