
"İnsan insanın canavarıdır". Bu fikri ilk dəfə Roma dramaturqu Plavt səsləndirib. Şopenhauer də əsərlərinin birində bu fikirlə razılaşdığını bildirir. Seneka isə yazırdı ki, insan insan üçün müqəddəsdir. Tomas Hobbs hər iki fikirlə razılaşırdı.
Lixtenberq isə deyirdi ki, hər bir insan bütün insanların cəmidir. Bayron "insan təbəssümlə göz yaşı arasında qalan bir varlıqdır" yazırdı. Enişteyn isə deyird ki, insanın dəyəri nail olduqları ilə yox, verdikləri ilə ölçülür. Məhəmməd peyğəmbər "ən yaxşı insan, başqalarının halına daha faydalı olandır" deyirdi.
Bu siyahını uzatmaq da olar. Məsələ budur ki, bəşəriyyət yaranandan insana müxtəlif təriflər verilib. Bütün mütəfəkkirlər öz tərifini əsaslandırmağa çalışıb. Nəhəng fikir adamları arasında ziddiyyətlər, bir-birini yanlış qənatədə ittiham edənlər də olub. Məsələn, Tomas Hobbs Dekartla razılaşmırdı. Deyirdi ki, o fəlsəfəylə yox, geometriya ilə məşğul olmalıdı. Dekartdan fərqli olaraq ağılın və bədənin bir-birindən fərqli olduğunu iddia edirdi. Yeri gəlmikşən, məncə, müasir neyroelm də Dekartın dualizmini qəbul etmir.
Qayıdaq yazımızın əsas məğzinə. Göründüyü kimi insan çox mürəkkəb varlıqdır, onu dərk etmək, birmənalı qiymətləndirmək mümkün deyil. Amma bir məsələdə həmrəylik var. Heç kim yaltaqlığa, riyakarlığa, zülmə, talançılığa, ədalətsizliyə, harınlığa haqq qazandırmır. Çünki insanın fitrəti buna qarşıdı. Bu mənfi keyfiyyətləri hər bir normal adam anti-insani qəbul edir. Kimsə Makiavellinin "məqsəd vasitəyə haqq qazandırır" yanaşmasını, Nitşenin əxlaq fəlsəfəsindən hansısa çıxarışı önə çəkə bilər. Amma bu nümunələr mənim toxunduğum məsələni inkar etmir. Məncə, kainatın yaranmasından bugünə qədər ötən dövr bir daha sübut edir ki, yuxarıda sadaladığım mənfi keyfiyyətlər bəşəriyyətin də, bir dövlətin də, bir xalqın da faciəsidir. Bu anti-insani düşüncənin daşıyıcıları mənəvi dəyərlərin düşmənidir. Bu gün avtoritarimzm ona görə lənətlənir ki, belə sistem bütün mənfi keyfiyyətləri stimullaşdırır, neqativlərə nəfəs verir. İnsanın insan üçün müqəddəs olmasnı deyil, insanı insanın canavarı olmasını təşviq edir.
Yazını çox uzatmaq da olar. Amma müxtəsəri budur ki, bugün müşahidə etdiyimiz mənfi keyfiyyətlərin daşıyıcıları insanlıqdan çıxmışlardı. Şərləyən, şərə züy tutan, yalana könül verən, başqasının haqqını yeyən hər kəsi "insanlıqdan çıxmış" koteqoriyasına aid etməli və ictimai qınağı diri saxlamalıyıq. Belələri min il bundan əvvəl də insan adına ləkəydi, indi də ləkədi, milyon il sonra da ləkə olacaq. İnsani keyfiyyətlərin köhnəsi, yaxud müasiri olmur. Bu keyfiyyətlər həmişə sabit qalır. Kimsə çıxıb, "ləyaqətli həyat orta əsrlər üçün keçərlidir, indi 21-ci əsrdir" deyə bilərmi? Yaxud, kimsə "internet əsrində ədalətə ehtiyac yoxdur" söyləyə bilərmi? Əlbəttə ki, yox. Çünki bu, çox absurd olar.
Bir sözlə, insanlıqdan çıxmışlara bunu xatırlatmaq lazımdır ki, özlərini bizə insan kimi sıramağa çalışmasınlar. Bütün namərdliklərə imza atıb, eyni zamanda rahat, başı dik yaşamaq heç kimə nəsib olmamalıdır. Belələri bilməlidir ki, hamı onları layiq olduğu boyda görür....
İlham Hüseyn



