İllüziyaların əsiri: Kanettinin “Korluq” romanı

26 iyul 2026
İllüziyaların əsiri: Kanettinin “Korluq” romanı

“İnsanlardan uzaqlaşmaqla həqiqətə daha da yaxınlaşırsan.”

Son illərdə bu fikri tez-tez eşidirik. Bəzən sosial şəbəkələrdə, bəzən gündəlik söhbətlərdə, bəzən də özünü müdrik göstərmək istəyən insanların dilində. Elə bir təsəvvür yaranır ki, guya insan nə qədər cəmiyyətdən uzaqlaşsa, nə qədər öz qabığına çəkilsə, həqiqətə də bir o qədər yaxınlaşacaq. Bəs görəsən, bu həqiqətən də belədir? İnsanlardan uzaqlaşmaq insanı həqiqətə aparır, yoxsa onu başqa bir təhlükənin, başqa bir korluğun içinə sürükləyir?

Elias Kanetti 1905-ci il iyulun 25-də Bolqarıstanda dünyaya gəlib. Müxtəlif illərdə İngiltərədə, Avstriyada, Almaniyada və İsveçrədə yaşayıb. Kimya üzrə təhsili alan, hətta bu sahədə doktorluq dərəcəsinə yüksələn Kanetti sonradan fəlsəfə və ədəbiyyat sahəsinə yönəlir.

Onun 1935-ci ildə nəşr olunan “Korluq” romanı uzun müddət geniş oxucu kütləsinin diqqətindən kənarda qalır. Yazıçının 1981-ci ildə Nobel mükafatına layiq görülməsiylə bu əsərə maraq sürətlə artır. Azərbaycan dilində bəzən “Korlaşma” adı ilə də təqdim olunan bu roman zahirdə bir insanın tədricən dəliliyə sürüklənməsindən bəhs edir. Amma diqqətlə baxdıqda görürsən ki, Kanettinin bəhs etdiyi məsələ bundan qat-qat dərindir.

Roman totalitar düşüncə tərzinin insanın özünü məhv edən xarakteri haqqında qaranlıq və sarsıdıcı bir hekayədir. Kanetti sonralar bu mövzunu özünün məşhur “Kütlələr və hakimiyyət” əsərində daha geniş şəkildə davam etdirəcəkdi. Burada isə həmin ideya bədii obrazlar vasitəsilə təqdim olunur.

Əsərin mərkəzində 40 yaşlı filoloq və sinoloq Peter Kiyen dayanır. 25 min kitabdan ibarət kitabxanasında yaşayan Kiyen hədsiz intellektual, tənhalığı sevən və insanlardan uzaq duran bir adamdır.

Roman küçədə Kiyenlə məktəbli bir oğlan arasında baş verən söhbətlə başlayır.
Məktəbli bir oğlanın Çin mətnlərinə marağı professor sevindirir və Kiyen oğlanı kitabxanasını görməyə dəvət edir.
Lakin dərhal bundan peşman olur.
Onun qulluqçusu Tereza oğlanı evdən qovur. Yeri gəlmişkən, Tereza Krumbholts obrazını yadda saxlayın – çünki əsər boyu yazıçı həm də bu obraz vasitəsilə idbar insanların psixologiyasının dərin qatlarına enir.

Bu xırda görünən səhnə əslində Kiyenin xarakterini açan ilk işarələrdən biridir. O, insanlardan qaçır, kitablara sığınır və getdikcə öz qurduğu dünyanın məhbusuna çevrilir.

Roman professorun ev qulluqçusu Tereza Krumbholtsla evlənməsi ilə qaranlıq bir istiqamətə yönəlir. Tereza hiyləgər, fürsətcil və tamamilə maddi maraqlara əsaslanan bir qadındır. O, professorun kitablara olan hədsiz bağlılığını bilir və bundan istifadə edir.

Tereza özünü kitabsevər, ədəbiyyata hörmət edən, səliqəli bir qadın kimi təqdim edir. Özünü ədəbiyyat aşiqi kimi göstərir. Guya kitab çirklənməsin deyə əlinə ağ əlcək geyinir, cildi zədələnməsin deyə kağızla bükür, hətta kitabı aparıb xüsusi məxmər yastığın üzərinə qoyur.
Amma bütün bunlar sevgi deyil, tamaşadır.
İlk baxışdan Tereza ilə Kiyenin kitablara yanaşması eyni görünür. Amma əslində fərq dərin və sarsıdıcıdır.

Kiyen kitablarda bilik və mənəviyyat görür. Tereza isə onları sadəcə əmlak, sərvət və maddi təminat vasitəsi kimi qəbul edir.

Professorun faciəsi də məhz burada başlayır. O, qarşısındakı insanı olduğu kimi yox, görmək istədiyi kimi görür.
Onu sevdiyi şəxs kimi deyil, maliyyə mənbəyi kimi görən bu qadına uşaq kimi inanır və öz ləyaqətinin, qürurunun, inamının tələsinə düşür.

Roman irəlilədikcə qarşımıza Fişerle adlı obraz çıxır. Mənfi obrazdır və hər məhrumiyyətindən istifadə edərək üstünlük qazanmağa çalışır.
Professor Kiyendən sonra əsərin ən mühüm obrazlarından biri məhz odur. Ümumiyyətlə, əsərdəki hər bir personaj bir növ şikəst ruhluluğun, fanatizmin və ya korluğun başqa bir formasını təmsil edir. Burada zorakılıq, mənəvi pozğunluq, sosial tənəzzül və cinsi deqradasiya bir-birinə qarışır. Ən qorxulusu isə budur ki, bu adamların hamısı öz qaranlıq, kirli arzularının əsirinə çevriliblər. Onlar bu arzularına çatmaq naminə hər bir ali dəyərin üstündən xətt çəkməyə razı və hazırdırlar.
Nəticədə totalitar düşüncə tərzini özündə daşıyan bu insanlar sonda həmin düşüncənin qurbanına çevrilirlər.

Əslində “Korluq” romanı təkcə Peter Kiyenin faciəsi deyil. Bu əsər bütövlükdə bəşəriyyətin metaforası təsiri bağışlayır - öz vəsvəsəsi içində yalnız özünü və öz xəyal dünyasını görən, ətrafındakı reallığı görməyən, “korlaşmış” bir bəşəriyyətin.

Bəli, bir xeyli adam bu gün özünün xəyal dünyasında yaşayır, ətrafında baş verənləri isə görmək istəmir.

İnsan reallıqla əlaqəsini itirdikcə illüziyalarına daha möhkəm bağlanır. Bu gün də eyni mənzərəni görmürük?
Öz qurduqları xəyal dünyasında yaşayan adamlar mənəvi dəyəri 5 qəpikdən də ucuz olan adamları süni şəkildə böyüdür, adlarının qarşısına “Böyük”, “Möhtəşəm”, “Fitri istedad” kimi epitetlər əlavə edib onları şişirdir, cəmiyyətə sırımağa çalışırlar. Sonra isə həm özləri, həm də onlara inananlar özlərinin yaratdığı saxta dünyanın əsirinə çevrilirlər. Reallıq onları qorxudur, çünki həqiqət illüziyalar qədər rahat deyil.

Kanetti bizi xəbərdar edir: korluğun hər forması təhlükəlidir. İstər intellektual korluq olsun, istər siyasi, istər mənəvi. Və bu korluq totalitairzmə aparır.
Bəlkə də Kanettinin romanından çıxan ən mühüm nəticə budur: insanlar korlaşanda diktatorlar meydana çıxır. Çünki həqiqəti görmək istəməyən cəmiyyət gec-tez onu görməməyə öyrədən, ona bunu məcbur edən adamlara təslim olur. Romanın bir yerində deyilən fikir də təsadüfi səslənmir:

“Ən pis şey odur ki, biri doğru, digəri yanlış olduğu halda, insan bu ikisi arasında qərar verə bilməsin.”

Kanetti məhz bu qərarsızlığın, bu korluğun, bu özünüaldatmanın insanı da, cəmiyyəti də necə fəlakətə sürüklədiyini göstərir.
Elə buna görə də bu əsər doxsan il əvvəl yazılsa da, bu gün hələ də narahatedici dərəcədə aktual olaraq qalır.
“Korluq” sadəcə bir roman deyil.
“Korluq” romanı oxucunun qarşısına qaranlıq bir güzgü qoyur, o güzgüdə təkcə əsərdəki obrazların yox, özümüzün də görmək istəmədiyimiz tərəflərimizi görürük.


Comərd Qaya